banner54

Yenə də ikili standartlar: AŞPA-nın tarixi səhvi
Ekspertlər bu təşkilatın məsələlərə nə dərəcədə obyektiv və ədalətli yanaşacağını dəqiqləşdirmək fürsəti əldə etmişdilər. Bu il yanvarın 26-da keçirilən iclas göstərdi ki, AŞPA-nın qərəzsiz qərarlar qəbul etməsində problemlər vardır. Avropalı deputatlar sona qədər qətiyyətli və ədalətli deyillər. Onlar müxtəlif siyasi və geosiyasi məqsədlər güdərək Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemləri tam olaraq etiraf etmək istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri isə uzun illərdir ki, davam edən səmərəsiz fəaliyyətlərini ört-basdır etmək üçün mənasız bəyanatlar yaymaqdadırlar. Bütün bunlar işğalçı dövlətin əl-qolunu açır və bütövlükdə münaqişənin həll edilməsi yolunda ciddi əngəllər yaradır.

İki sənədin bir həqiqəti: AŞPA-nın etirafa iradəsi çatmadı

Siyasi məqsədləri olduğu kimi dərk etmək üçün faktlara müraciət etmək lazımdır. Siyasətçilər danışıqlarında yüksək insani ideallardan, obyektivlikdən və ədalətdən bəhs edə bilərlər. Lakin əlahəzrət faktlar həqiqətin nədən ibarət olduğunu güzəştsiz təqdim edir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 26-da keçirilmiş plenar iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hesabatın müzakirə edilməsi bu fikirlər üzərində bir daha düşünməyə vadar edir.

Ümumiyyətlə, AŞPA hansı məqsədlərə xidmət edir? Ədalət axtarışındadır, yoxsa daim həqiqətlə yalanın, ədalətlə ədalətsizliyin, obyektivliklə qeyri-obyektivliyin balansını təmin etməklə məşğuldur? Bizcə, təşkilat daha mürəkkəb niyyətlər güdür, yalnız hansısa dairələrin siyasi maraqlarını təmin etməyə çalışır. Əks təqdirdə, "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" və "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabatların müzakirəsindən sonra ortaya çoxlu sayda suallar çıxmazdı.

Maraqlıdır, adıçəkilən hesabatlar haqqında AŞPA qərar verəndən sonra Ermənistan və onun havadarları bir-birinə qarışıblar. Onlar hansısa qələbədən bəhs edir, hətta "təşkilatı öz vəzifəsini bilməməkdə" günahlandırırlar (bax: məs., Андрей Сорокин: ПАСЕ пренебрегает основными принципами ОБСЕ / "Lragir.am", 27 yanvar 2016). Reallıqda isə nə baş verib?

Yuxarıda vurğulanan hesabatları AŞPA-nın iki deputatı – Militsa Markoviç və Robert Valter hazırlayıblar. Onlar altkomitələrdə müzakirə edilib və plenar iclasda baxılmasına rəy verilib. Hər iki sənədin bütövlükdə real vəziyyəti əks etdirdiyi qeyd olunub. Belə ki, erməni işğalçılar dinc azərbaycanlıların su ilə təmin edilməsinə ciddi əngəllər törədir, müxtəlif təxribatlar həyata keçirir, Sərsəng su anbarını zəhərləyir, məhsul mövsümündə suyu kəsirlər. Eyni zamanda, bütün sərhəd boyu atəşkəsi pozur, dinc sakinləri güllələyir, təxribatçı qruplar göndərərək əhali arasında vahimə yaratmağa çalışırlar. Bunlardan başqa, erməni əsgərlər daim təhqiramiz ifadələrlə azərbaycanlıları təxribata çəkməyə cəhd edirlər. Bütün bunlar barədə ATƏT-in həmsədr dövlətləri konkret faktlar əsasında məlumatlandırılıblar. Ancaq...

Yenə də Avropa elə addımlar atır ki, sanki real vəziyyətdən xəbəri yoxdur. AŞPA-nın yuxarıda qeyd olunan məsələləri müzakirə etdiyi zaman Azərbaycanı təmsil edən deputatlar növbəti dəfə həqiqətləri bildirməyə məcbur olublar. Onlar deyiblər ki, müzakirələrin getdiyi bu dəqiqələrdə də Ermənistan hərbi birləşmələri sərhəd boyu Azərbaycanın dinc əhalisini atəşə tutur. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində terrorçu düşərgələr yerləşdirir, narkotiklərin əkib-becərilməsi və tranziti ilə məşğul olur, tez-tez yanğınlar törədirlər. Ermənistan Azərbaycan meşələrini vəhşicəsinə qırır. Öz ərazisindən keçib Azərbaycana axan çayları məqsədli şəkildə müxtəlif maddələrlə zəhərləyir (bax: AŞPA-da Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı iki məruzə müzakirə edilib / AZƏRTAC, 26 yanvar 2016).

Həqiqətən də hər şey aydındır, ortada konkret faktlar var və onlara uyğun qəti qərar qəbul etmək AŞPA kimi qurumların sadəcə vəzifəsidir. Bunun əvəzində təşkilat "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" ilə bağlı hesabatı qəbul edir, lakin "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" haqqındakı sənədi isə kənara qoyur. Hətta bu hadisədən bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli vəzifəsini üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri xüsusi bəyanat da yayırlar ki, AŞPA bu məsələyə qarışmamalıdır!?

Ədalət və həqiqət naminə: gələcək qarşısındakı məsuliyyət

Onların yaydıqları bəyanatda konkret olaraq deyilir: "Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin bildiririk ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz" (bax: AŞPA-dan Azərbaycana qarşı növbəti qərəzli addım / "Azərbaycan" qəzeti, 27 yanvar 2016).

Nə qədər qərəzli və ədalətsiz bir münasibət... Uzun illərdir ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç bir real addım atmayıb, lakin özünü bu məsələnin yeganə hakimi kimi aparır. Kimlərinsə prosesə qarışmasını istəmir. Niyə? Səbəbi çox aydındır. Həmsədr dövlətlər problemin öz inhisarlarından çıxmasını istəmirlər. Onlar həqiqətin hər kəsə aydın olacağından qorxub belə yersiz bəyanatlar yayırlar.

Onu da xatırladaq ki, Azərbaycanla bağlı qeyd etdiyimiz iki sənədin hazırlanması mərhələsində Avropa və Amerikada anti-Azərbaycan kampaniyası başladı. Azərbaycanı müxtəlif məsələlərdə ittiham etdilər. Onda da bəlli idi və indi də təsdiqlənir ki, bütün bunların bir ucu AŞPA-da müzakirə olunacaq hesabatlarda həqiqətlərin yer almamasına bağlı imiş. Rəsmi İrəvan da bu istiqamətdə dəridən-qabıqdan çıxıb. Görün, erməni ekspert həmin kontekstdə nə yazır: "Ola bilsin ki, burada hətta "ittiham" sözü nisbidir, hərçənd, bu cür "fərqləndirmə"nin özü erməni tərəfi üçün bugünkü yarımqələbədən çox, böyük əngəl ola biiər" (bax: Акоп Бадалян. Итак, что очерчивают два антиармянских доклада / "Lragir.am", 26 yanvar 2016).

Bəli, ermənilər o dərəcədə narahat idilər ki, ən kiçik faktoru belə qələbə qismində təqdim etməyə çalışırlar. Onlar inanırlar ki, artıq status-kvonun dəyişməsi deyil, icmaların yanaşı yaşaması strategiyası yeridiləcək (bax: əvvəlki mənbəyə). Ermənistan və onun havadarlarının əsas məqsədi də məhz bundan ibarətdir. Həmsədrlərin verdikləri bəyanatın zərəri də həmin aspektdə özünü açıq-aydın göstərməkdədir.

Bütün hallarda ermənilərin və havadarlarının hansısa qələbəsindən söhbət gedə bilməz. AŞPA qəbul etdiyi sənəddə Ermənistanı işğalçı dövlət kimi təqdim edib. Bu işğalçılıq da bölgə əhalisinə çoxlu sayda humanitar problemlər yaradır. O cümlədən dünya üçün hazırda olduqca aktual olan su ilə təminatda çox mənfi rol oynayır. Buna görə də Dağlıq Qarabağda mövcud status-kvo qala bilməz. Bununla bağlı erməni tərəfinin xülyaları isə yalnız özləri üçün nəyisə ifadə edə bilər.

Daha düşündürücüsü odur ki, Qərbin siyasi təsisatları hələ də obyektiv mövqe tuta bilmirlər. Onlar ikili standartlar siyasətinin qurbanı olmaqda davam edirlər. Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması faktını bir daha təsdiq etməyin təhlükəsi nədən ibarətdir? Heç nədən! Əksinə, dünya ictimaiyyəti real vəziyyəti növbəti dəfə eşitmiş olacaqdı. Bu sənədi qəbul etməməklə də AŞPA real durumu ermənilərin xeyrinə dəyişə bilməz. Çünki hər gün ermənilərin törətdikləri zorakılıqlarla bağlı yeni-yeni faktlar ortaya çıxır. Şübhə etmirik ki, zaman gələcək və Avropa strukturları bu hərəkətlərinə görə ictimaiyyətdən üzr istəyəcəklər. Həqiqəti açıq deməmək də böyük günahdır.

Lakin bir məsələ hər kəsi düşündürməlidir. Hər dəfə nəyisə gizlədənlər günahsız insanların zərər görməsinə rəvac verirlər. Onlar faktiki olaraq işğalçı ordunun insanları atəşə tutmasına, müxtəlif təxribatlar törətməsinə, təbiəti zəhərləməsinə, dinc sakinlərin yerlərindən didərgin salınmasına dolayısı ilə mandat verirlər. AŞPA bütün bunlara görə ikinci sənədi də mütləq qəbul etməli idi. Etmədi, növbəti tarixi səhvə yol verdi. Haqq-ədalət qarşısında onlar da nə zamansa hesabat verəcəklər.

Newtimes.az

Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
HABERLER