banner112
banner54

“Qərb humanitar fəlakət qarşısında acizdir”
 Məlum olduğu kimi, fevralın 4-də Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya rəsmi səfər edib. 
Ölkə başçısı Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak edib. Prezidentin bu səfəri BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə baş tutub.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

Dövlət başçısı çıxışında Azərbaycanın suriyaları qaçqınları həmişə dəstək olmağa hazır olduğunu bildirərək, eyni zamanda diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çəkib, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımızın suriyalılarla eyni aqibəti yaşadığını vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan özü donor ölkədir: “Biz, Suriya qaçqınları da daxil olmaqla maliyyə yardımını təmin edirik. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib. Əfsuslar ki, o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur”.

Məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Prezidentin London səfərini bir neçə istiqamətdə dəyərləndirmək olar. Onun sözlərinə görə, ilk növbədə bu səfər Azərbaycanın beynəlxalq nüfuzunu göstərir: “Suriya böhranı kimi önəmli bir məsələnin müzakirəsinə Azərbaycan Prezidentinin dəvət olunması ölkəmizin beynəlxalq münaqişələrin tənzimlənməsi, humanitar fəlakətlərin qarşısının alınmasından oynadığı rola və eyni zamanda, İlham Əliyevin bu istiqamətdə fəaliyyətinə verilən qiymətdir”.

E.Mirzəbəyli hesab edir ki, Azərbaycanın bu sahədə təcrübəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, heç şübhəsiz, ölkəmizin də üzləşdiyi problemləri önə çəkir: “Prezident konfransda çıxış edərək, suriyalı qaçqınlara yardımların edilməsinə böyük ehtiyacın olduğunu diqqətə çatdırmaqla yanaşı, Dağlıq Qarabağ problemi kimi, dünyada artan templə gedən digər münaqişələrin də həll olunmasının vacibliyini diqqətə çatdırıb. Bu, humanitar fəlakətlərin qarşısının alınmasında ən vacib məsələlərdən biridir. Çünki Azərbaycan yaxın tarixdə 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkədir. Bu böhran birbaşa işğal amili ilə əlaqəlidir. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində Azərbaycan qaçqın və məcburi köçkün problemləri ilə baş-başa qalıb və bu məsələni faktiki olaraq heç bir xarici köməksiz, özü həll edib. Lakin təəssüf doğuran digər fakt, işğalın hələ bitməməsi, bugünə qədər prosesin ədalətli yolla həllinə nail olunmamasıdır. Prezident konfransda bu məsələni də diqqət mərkəzində saxlayıb. Çünki böhran və ya istənilən münaqişə beynəlxalq hüquq normalarına uyğun olaraq həll olunmazsa, president yaradır. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin vaxtilə həllini tapmaması, 1 milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsi son nəticədə daha böyük problemlərə yol açır. Burada dünya birliyinin laqeydliyi özünü göstərib. Ona görə də, bu gün Avropa humanitar fəlakətlə üz-üzə qalıb”. Hazırda Qərbin bu problemin qarşısında aciz vəziyyətdə qaldığını deyən politoloq əlavə edib ki, qaçqınların yerləşdirilməsi ilə bağlı problem az qala Avropa Birliyi ölkələrini qarşı-qarşıya qoyub: “Belə olan halda, heç şübhəsiz ki, dünya birliyi humanitar böhrandan çıxmaq üçün Azərbaycanın da təcrübəsindən yararlanmalı, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlara diqqət yetirməlidir”.

Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Suriya üzrə donor konfransında iştirak etmək məqsədilə Böyük Britaniyaya dəvət olunması çox mühüm hadisədir: “Bu həm Qərblə aramızda yaranmış bir sıra qaranlıq məqamlara aydınlıq gətirməyə xidmət etməklə bərabər, həm də dünya liderləri ilə mühüm bir məsələnin həllində iştirakçı olmaq baxımından Azərbaycan və onun dövlət başçısına ehtiyacı özündə ehtiva edir. Belə bir nəticəyə gəlmək olar ki, Prezidentin Ərəb Əmirliklərinə səfəri və Rusiya xarici işlər nazirinin də həmin ərəfədə ora gəlməsi müəyyən mətləblərdən xəbər verir. Bu baxımdan London səfəri də məhz Azərbaycanın regional konfliktlərdə, o cümlədən, Suriya məsələsində mühüm rol oynaya biləcəyi və Rusiya-Türkiyə gərginliyinin, Dağlıq Qarabağ münaqişəsinin də həlli istiqamətində müzakirələrin aparılacağı bir məkan ola bilər. Məlumdur ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın da bu ərəfədə Azərbaycana səfəri planlaşdırılır.Yəni, Prezidentin London səfəri gərginliklərə ancaq müsbət təsir edə bilər”.

A.Nağıyev əlavə edib ki, BP şirkətinin də Azərbaycanla mühüm layihələri var və hazırda həyata keçirilir: “Bu səfər iki dövlət arasında yeni bir mərhələnin başlanğıcı da ola bilər”.

Hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə olduğu kimi, fevralın 4-də Londonda öz işinə başlayan “Suriyaya və regiona dəstək” konfransında da Azərbaycanın haqq səsini dünyaya çatdırıb: “Dövlət başçısı bu toplantı vasitəsilə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, Dağlıq Qarabağ münaqişəsi zamanı qarşılaşdığımız ədalətsizlikləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.

Ekspert əlavə edib ki, Azərbaycanın bu formatda keçirilən beynəlxalq konfransa dəvət alması müsbət haldır və təqdir olunmalıdır: “Əlbəttə inanıram ki, həmin konfransda iştirak edən dünyanın böyük dövlətlərinin başçıları da Dağlıq Qarabağ münaqişəsinin həllinə laqeyd qalmayacaqlar. Bu mənada, yüksək səviyyəli toplantıda Dağlıq Qarabağ münaqişəsinə diqqət ayrılması müsbət qiymətləndirilməlidir”.

Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev isə bildirib ki, Prezidentin konfrans zamanı səsləndirdiyi fikirlərə diqqətlə baxsaq görərik ki, hər kəs dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanı və əhalinin bu işğaldan çəkdiyi əziyyət haqqında informasiyaları dinləməyə, eləcə də münaqişə ilə bağlı düşünməyə vadar olublar: “Prezident öz çıxışı zamanı münaqişə haqqında həqiqətləri diqqətə çatdırıb, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin məsələyə ikili standartlar prizmasından yanaşdığını deyib. Hər kəs Ermənistan dövləti və onun himayədarlarının Azərbaycanın başına gətirdiyi faciələr haqqında məlumatları bir daha məhz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilməsinin şahidi olub. Bu gün Suriyada baş verən hadisələr 25 il öncə məhz Azərbaycanda baş verib və hələ də ölkəmiz bu separatizmdən əziyyət çəkir. 1 milyon qaçqın və məcburi köçkün öz tarixi torpaqlarından zorla çıxardılıb, hüquqları pozulub”.

525.az/
Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
HABERLER