banner112
banner54

Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları
 Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

(Əvvəli ötən şənbə sayımızda)

ŞAPŞAL İRAN ƏKS-İNQİLABININ EPİSENTRİNDƏ 

Dünyaca tanınmış karay türkü, şərqşünas professor, türkşünas alim və görkəmli Litva-Polşa ictimai-mədəni xadimi Hacı Seraya Xan Şapşal (1873-1961) tərəfindən Azərbaycan etnokulturoloji dəyərlərinin öyrənilib yayımlanması istiqamətində görülmüş önəmli işlər haqqında danışdıqdan sonra, onun XX əsrin əvvəllərində İran Məşrutə hərəkatına qarşı apardığı siyasi fəaliyyətin üzərindən konyuktura naminə sükutla keçmək düzgün olmazdı. Baxmayaraq ki, həmin fəaliyyət ziddiyyətli səciyyə daşıyır və onun təhlili bizdə yalnız koqnitiv dissonans hissləri yaradır. Ancaq yəqin ki, bunu münasib tərzdə etmək lazımdır. Ən azından ona görə ki, o dövr Azərbaycan ədəbi və ictimai-siyasi fikrinin məşhur klassikləri S. Şapşalın sözügedən siyasi fəaliyyətinə baxışlarını öz əsərlərində ifadə etmiş və tənqidi səslərini ucaltmışlar.

Öncə qeyd edək ki, S. Şapşal 1899-cu ildə Peterburq universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən bir zaman sonra, İranın Rusiyadakı səfiri Mirzə Rza xanın (1853-1937) təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin təqdimatı və çar II Nikolayın (1868-1918) şəxsi razılığı ilə İran hökmdarı Müzəfərəddin şah Qacarın (1853-1907) böyük oğlu, Azərbaycan əyalətinin valisi və İran taxt-tacının vəliəhdi Məhəmməd Əlinin (1872-1925) rus dili müəllimi və mürəbbisi təyin olunmuşdu. O, bununla bağlı 1901-1908-ci illərdə İranda yaşayıb işləmişdir. Onunla yaxın yaradıcılıq əlaqələri saxlamış rus türkoloqu Nikolay Baskakovun (1905-1995) yazdığına görə, S. Şapşal həmin illərdə bir müddət Təbrizdəki Loğmaniyyə məktəbində müəllimlik də etmişdir.

S. Şapşal Təbrizə gəldikdən bir zaman sonra yerli adət-ənənələrə yaxşı bələd olması, dərin biliyi, diplomatik istedadı, yüksək əxlaqi və peşə keyfiyyətləri sayəsində həm Qacarlar sarayında, həm də Vəliəhdin yanında böyük nüfuz və etibar qazana bilmişdi. Vəliəhd Məhəmməd Əli atasının ölümündən sonra 1907-ci ilin yanvarında Şah taxtına əyləşərək S. Şapşalı özünün müşaviri və general-adyutantı (Saray naziri) təyin etmişdi. S. Şapşal həmçinin Şahın fərmanı ilə İranın bir sıra orden və medalları ilə təltif olunmuşdu. O, Məhəmməd Əli şahı tamamilə öz təsiri altına ala bilmişdi və onunla o qədər yaxınlaşmışdı ki, sözün gerçək mənasında Şahın ailə üzvünə çevrilmişdi. Şah hətta bəzi idarəetmə məsələlərini S. Şapşala etibar etmişdi.

S. Şapşal geniş anlamda Rusiya monarxının təmsilçisi olmaqla yanaşı, həm də əqidəsinə görə monarxist idi ki, bu da onu İran monarxı ilə siyasi və mənəvi cəhətdən daha da yaxınlaşdıran cəhətlərdən biri idi. Beləliklə o, İranda gedən hadisələrə təsir edə bilmək üçün olduqca sərfəli imkan qazanmışdı və S. Şapşal belə vəziyyətdən, Rusiya Xarici İşlər Nazirliyi Asiya Departamentinin xətti ilə İrana ezam edilmiş dövlət məmuru (rezidenti) olaraq, ilk öncə Rusiya imperiyasının İrandakı siyasi və iqtisadi maraqlarını uğurla təmin etmək, o cümlədən, o zaman yarımmüstəmləkə halında olan İranın daxili və xarici siyasətinə Rusiya təsirini daha da artırmaq üçün istifadə edirdi.

Tanınmış ədəbiyyatşünas professor Vilayət Quliyevin son dərəcə sərrast qeyd etdiyi kimi, “Qacar sülaləsinin ən bivec hökmdarı adlandırıla biləcək Məhəmməd Əli şahın qısa müddətli hakimiyyəti dövründə (1907-1909-cu illər) İran bu ölkəyə heç bir dəxli olmayan təsadüfi adamların hakimiyyəti  altına düşmüşdü”. Bu ümumiləşdirmə M.Ə. Rəsulzadənin bir məqaləsində Şahın S. Şapşalla münasibətləri barədə deyilmiş fikirlərlə çox dürüst şəkildə uzlaşır: - “Məhəmmədəli Mirzənin ustadı Şapşal ona rus dili dərsi verirdi, qibleyi-aləmin kəlləsi isə rus dilini qəbul etmədi. Amma adam öldürmək, vətən satmaq, əhdi-peyman pozmaq, tənbəllik və zülmkarlığı öyrənib həyata keçirməyi öyrənmişdi”(“Məhəmmədəli Mirzənin şərəfnaməsi”. Tehran, “İrani-nov” qəzeti, 23 oktyabr 1909-cu il, № 49).     

S. Şapşalın Təbrizdə fəaliyyət göstərdiyi illər, XX əsr İran siyasi tarixinin mühüm hissəsini təşkil edən dövrə -  1905-1911-ci illərdə Cənubi Azərbaycanda azadlıq və demokratiya uğrunda aparılmış mübarizə illərinə təsadüf edir.Məlum olduğu kimi, həmin hərəkat nəticəsində İranda konstitusiyalı monarxiya yarandı, Milli Əncüman fəaliyyətə başladı, Azərbaycan türklərinin siyasi kimliyi gündəmə qoyuldu, onlar üçün məktəb açıldı, mətbuat işıq üzü gördü və ümumən Cənubi Azərbaycan idarəetmədə mühüm rol oynamağa başladı.

Amma İran burjua-demokratik inqilabı Rusiya və Böyük Britaniyanın köməyi ilə yatırıldı, Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdu.Çar ordusunun polkovniki Vladimir Lyaxovun (1869-1920) komandanlığı altında İran kazak briqadası 1908-ci ilin yayında İran məclisini topa tutub dağıtdıqdan sonra, bu rus polkovniki Şah tərəfindən minnətdarlıq nişanəsi olaraqgeneral-qubernator təyin olundu. Göstərilən hadisələr baş verən zaman, Şahın sağ əli kimi tanınan S. Şapşal İran Məşrutə hərəkatına qarşı fəaliyyət göstərən əks-inqilabi qüvvələrin episentrində olmuş və o cümlədən, hərbi qüvvədən istifadə edilməsində destruktiv rol oynamışdır.

S. Şapşalın əks-inqilab ifəaliyyəti demokratik ruhlu mütərəqqi Azərbaycan yaradıcı xadimlərinin diqqətini çəkmiş və bununla bağlı bəzi məqamlar onların əsərlərində bu və ya digər dərəcədə öz əksini tapmışdır. Misallar qismində nəzərə çatdırmaq istərdik ki, Üzeyir Hacıbəyovun felyeton və miniatürlərində (Filankəs. Ordan-burdan. “Sokrat təriqilə siyasi söhbət”. “Tərəqqi” qəzeti, 5 noyabr 1908-ci il, № 94), M.Ə. Sabirin satira və taziyanələrində (“Füzuliyə bənzətmə”, 1910-cu il), Əhməd Ağaoğlunun publisistik əsərlərində (“İran və İnqilabı”. İstanbul, 1941; Bakı, 2009), M.Ə. Rəsulzadənin məqalələrində (“İranın indiki siyasi vəziyyəti və ya dərəbəylik”. Tehran, “İrani-nov” qəzeti, 8 noyabr 1909-cu il, № 61) S. Şapşalındestruktiv addımları Məhəmməd Əli şah, Şeyx Fəzlullah Nuri (1841-1909) və V. Lyaxov kimi Məşrutə əleyhdarlarının fəaliyyəti ilə bir sırada tənqid olunmuşdur. Daha sonralar yazıçı Abbas Pənahi Makulu “Səttarxan” adlı romanında (1957) yaratdığı mənfi xarakterlər sırasında S. Şapşalın da obrazını təsvir etmişdir. Eləcə də ədəbi klassik Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” (1933-1938) çoxcildli tarixi romanında yer almış surətlər qalereyasında S. Şapşalın prototipini tapmaq mümkündür.

SIĞINACAĞA ÇEVRİLMİŞ ŞAH HƏRƏMXANASI 

İran məclisi dağıdıldıqdan sonra anarxiyanı xatırladan hadisələr başlanmışdı. Məhəmməd Əli şah və S. Şapşal inqilabçılar tərəfindən total şəkildə təqib və təhdidlərə məruz qalmışdılar. Moskvada nəşr edilən liberal-burjua istiqamətli “Russkoe slovo” qəzeti 18 iyul 1908-ci il tarixli sayında “Şahın həyatına sui-qəsd hazırlanıb” başlığı altında yazırdı: - “İran şahına, polkovnik Lyaxova və Şapşala qarşı təşkil olunmuş sui-qəsdin üstü açılmışdır. Onlar İrandan kənarda hazırlanmış bombalarla məhv edilməli idilər. Bombaları yerinə çatdırmaq işı beş nəfər inqilabçıya tapşırılmışdı. İnqilabçılar qadın paltarları geyinib İrana Astara sərhəddindən daxil olmalı idilər. Sui-qəsdlə əlaqəsi olan bir neçə şəxs həbsə alınıbdır”. 

Sözügedən hadisələrin dinamika və dramatizmini açıb göstərmək üçün qeyd etmək istərdik ki, o zaman dəfələrlə ölümlə üz-üzə qalan Məhəmməd Əli şah və S. Şapşal bir dəfə hətta qadın paltarlarını geyinib Şahın hərəmxanasında gizlənməyə məcbur olmuş və bu yolla canlarını qəzəblənmiş kütlənin linç mühakiməsindən xilas edə bilmişdilər. Bu faktı Moskva universitetinin professoru Nikolay Baskakov S. Şapşalın həyat və yaradıcılığı barədə 1992-ci ildə Vilnüsdə dərc etdirdiyi geniş məqaləsində qeyd etmişdir (düşünürük ki, müəllif bu qeyri-ordinar hadisəni S. Şapşalın ona danışdığı xatirələrə əsasən qələmə almışdır).

Onda gərginliyin getdikcə artması şəraitində Şah güzəştə getməyə məcbur olmuşdu. “Russkoe slovo” qəzeti 26 iyul 1908-ci il tarixli sayında bu barədə belə yazırdı: -  “Bu gün (...) məlum oldu ki, Şah Əlahəzrətləri onun ən yaxın məsləhətçisi, dostu və Vəliəhdin mürəbbisi, general-adyutant Sergey Markoviç Şapşalla tamamilə ayrılmaq qərarına gəlibdir. Məclis və Əncümən çoxdan idi ki, onun Şaha pis təsiri olan şəxs kimi İrandan qovulmasını tələb edirdi. (...) Səkkiz ol öncə, Lazarev adına Şərq dilləri institutunu yenicə bitirmiş S. Şapşal (qəzet səhv yazır, çünki S. Şapşal Peterburq universitetinin Şərqşünaslıq fakültəsini qurtarmışdır. - M.H.) İranın Peterburqdakı diplomatik missiyasının proteksiyası ilə İran taxt-tacı Vəliəhdinin mürəbbisi qismində ora dəvət olunmuşdu. O, vəliəhd Məhəmməd Əlini özünə çox yaxşı  münasibətlərə kökləyə bilmişdi. O zaman hətta vurma cədvəlini bilməyən İran taxt-tacının Vəliəhdi Avropa ruhunda tərbiyə görmüş cavan S. Şapşalın qabiliyyətinə valeh olmuşdu. Məhəmməd Əli şah S. Şapşalın məsləhəti olmadan bir addım belə atmırdı və öz hakimiyyətinin ağır dəqiqələrini yaşayan zaman ancaq S. Şapşalın diktəsi ilə hərəkət etmişdi. İran Məclisi tarixində Parlamentin topa tutulması ilə başa çatmış son qanlı hadisələrdə S. Şapşal az rol oynamamışdır...”

ŞAPŞALIN FƏALİYYƏTİ AYRI-AYRI MÜƏLLİFLƏRİN TƏQDİMATINDA

Şapşalın İran dövrü fəaliyyətinə müxtəlif illərdə çeşidli müəlliflər tərəfindən fərqli bucaqlar altında nəzər salınmış və onun siyasi portretinin xarakterik cizgilərinin çəkilməsinə səylər göstərilmişdir. Həm də bu zaman geniş palitra təşkil edən cürbəcür boyalardan, o cümlədən, qara və qırmızı çalarlardan bol-bol istifadə olunmuşdur.

Yuxarıda göstərilən “Russkoe slovo” qəzeti 26 iyul 1908-ci ildə çıxmış sayında kinayə ilə yazırdı ki, “Məhəmməd Əli şahın sarayında general-adyutant olaraq yüksək mövqe tutmuş Rusiya təbəəsi S. Şapşal çox zaman öz fəaliyyəti ilə məşhur Həbəşistan avantüristi Leontyevi xatırladır ki, o da ekvatora yaxın bir əyalətin təmtəraqlı general-qubernator titulunu daşıyırdı” (jurnalist burada Rusiya hərbi və siyasi xadimi, macəra həvəskarı və afrikaşünas kimi tanınmış Nikolay Stepanoviç Leontyevi (1862-1910) nəzərdə tutaraq qeyri-adekvat və yanlış müqayisə aparmışdır. - M.H.).

Sovet şərqşünası və tarixçi professor Vladimir Aleksandroviç Qurko-Kryajin (1887-1931) S.Şapşalın Təbrizdəki elmi və pedaqoji fəaliyyətini görünür ki, tarixşünaslığın marksizm-leninizm təliminə əsasən,”faydalı şərtlərlə iqtisadi müqavilələr hazırlamaq üçün çar Rusiyası hökuməti tərəfindən Məhəmməd Əli şahın yanına qoyulmuş konsessiyalar ovçusu və şübhəli işbaz” kimi səciyyələndirib təqdim etmişdir (“İranın qısa tarixi”. Moskva, “Prometey” nəşriyyatı, 1925).

Pavloviç təxəllüslü rus şərqşünası və publisisti Mixail Lazareviç Veltman (1871-1927) isə “1905-ci il inqilabı və Şərq” adlı elmi-tarixi oçerkində S. Şapşalın fəaliyyətini belə analitik prizmadan işıqlandırmışdır: - “İran inqilabi hərəkatı sıx surətdə Rusiya fəhlə hərəkatı ilə bağlı idi, İran əks-inqilabı isə əksinə, öz qüvvəsini Çar taxt-tacının pyedestalından alırdı. Olduqca maraqlı haldır ki, İran Sosial-Demokrat partiyasının (İctimaiyyun-Amiyyun) əsasını mərhum yoldaş Nəriman Nərimanov qoymuşdu, İran əks-inqilabının başlıca təhrikçisi isə İranda özünə qarşı ümumi nifrət oyatmış  rus təbəəsi S.M. Şapşal idi” (“İstorik-marksist” jurnalı, Moskva, 1926, № 1).

Tarix elmləri doktoru, rus yazıçısı Qeorqi Borisoviç Fyodorov (1917-1993) daha “irəli getmiş” və “Yer kürəsinin səthi” adlı kitabında (Moskva, 1966) S. Şapşalın 1940-cı ildən sonrakı fəaliyyətini oraq-çəkicli qızıl bayraq altında təsvir etməyə uğursuz səylər göstərmişdir.

Bir sıra Azərbaycan müəllifləri də S. Şapşalın siyasi simasını onun İrandakı fəaliyyətinin işığında öz əsərlərində müxtəlif ədəbi üsullarla təsvir etməyə çalışmışlar. M.Ə. Rəsulzadə, Əhməd Ağaoğlu, Vilayət Quliyev və b. yazarlar S. Şapşalın xoşagəlməz siyasi  addımları barədə fikirlərini “Xəzər türklərinə və yəhudi dininə mənsub olan Rus casusu”, “Məhəmmədəli Mirzənin ustadı”, “şahın mənfur əlaltısı”, “rus irticasının təmsilçisi”, “mürtəce qüvvələrin xidmətçisi”, “rus intriqalarının təşkilatçısı”, “İran Rasputini” kimi ritorik və kəskin epitetlərlə ifadə etmişlər.

Beləliklə, S.Şapşalın İran şah sarayındakı ictimai-siyasi fəaliyyəti birmənalı olmamış və onun həyatında ziddiyyətli izlər qoymuşdur. Lakin həmin fəaliyyət uzun illər boyu onun bioqrafiyasında ehtiva olunmamışdı. Şapşalın özü isə tərcümeyi-halını yazarkən o fəaliyyətin üzərindən sükutla keçmişdi. Bununla yanaşı S. Şapşalın Məşrutə inqilabına qarşı fəaliyyətinin təsir dərəcəsini və faciəvi hadisələrdə iştirakının qeyri-qanuni cəhətlərini aydınlaşdıran faktlar “tamamilə məxfi” qrifi altında uzun müddət Rusiya arxivlərində gizli saxlanılırdı. Yalnız ötən əsrin 90-cı illərində Rusiyada bir sıra arxiv fondları üzərindən məxfilik götürüldükdən sonra S.Şapşala aid mənbələr üzə çıxarıldı.

S. Şapşalın fəaliyyətinin İran dövrü haqqında aparılmış bir sıra tədqiqatlar Moskva universitetinin türkoloq professoru Nikolay Baskakovun, Vilnüs universitetinin tarix professoru Vigintas Bronyus Pşibilskisin, karaim əsilli Litva diplomatı, humanitar elmlər doktoru Halina Kobetskaytenin, Trakay Tarix Muzeyi Karaim bölməsinin müdiri Alvira Zagretskaytenin, Moskvada nəşr olunan “Karaimskiye vesti” dərgisinin baş redaktoru Oleq Petrov-Dubinskinin və digər müəlliflərin 1991-2011-ci illərdə rus və litva dillərində çap edilmiş məqalələrində öz əksini tapmışdır.Müasir Azərbaycan müəlliflərindən isə professor V. Quliyevin S. Şapşalın elmi, ictimai-siyasi və dini fəaliyyəti haqqında 2007-ci ildə “525-ci qəzet”də dərc edilən və ciddi əhəmiyyət kəsb edən elmi-publisistik çalışmaları xüsusilə qeyd olunmalıdır (“Son illərin yazıları”. Bakı, “Ozan” nəşriyyatı, 2009).

ŞAPŞAL ÖZ ANTİ-İNQİLABİ BAXIŞLARI BARƏDƏ

S. Şapşalın Məşrutə hərəkatına qarşı yürütdüyü siyasətin səbəbləri onun İrandan qayıtdıqdan sonra verdiyi bir müsahibəsində olduqca aydın şəkildə göstərilmişdir. “Birjevıye novosti” qəzetinin 7 avqust 1908-ci il tarixli sayında çap edilmiş “General-adyutant Şapşal Moskvada” adlı məqalədə bu barədə belə açıqlamalar verilmişdir: - “Tanınmış İran xadimi, general Şapşal dünən yolüstü Moskvada dayanmışdı. Şapşal jurnalistlərə verdiyi müsahibədə bildirmişdir ki, qovulmuş İran parlamenti ölkənin həqiqətən də ehtiyac duyduğu məsələlərin mahiyyət etibarilə ifadəçisi deyildi. O, bu fikrini müfəssəl surətdə əsaslandırdı və ümidvar olduğunu bildirdi ki, yeni Parlament İranın bütün fikir və rəylərini ehtiva edən gerçək tribuna olacaqdır və hüquq normalarını həyata keçirə biləcəkdir. Şapşal belə baxışlarını düzənləyən zaman, bizə təsdiq etdi ki, onun özü Konstitusionalizmin gerçək tərəfdarıdır. Lakin onun zənnincə, İran hələlik o səviyyəyə gəlib çatmayıbdır. Buna baxmayaraq, geriyə qayıtmaq mümkünsüzdür, - deyib Şapşal sözünü bitirdi”.

Şübhəsiz ki, karay türkü S. Şapşalın Məşrutə hərəkatına qarşı əks-inqilabi fəaliyyəti həm də  türk həmrəyliyi baxımından mənəvi sıxıntılar yaşadan xoşagəlməz məqamlar olaraq tarixə düşübdür və yəqin ki, bu heç zaman unudulmayacaq. Bununla bərabər, S. Şapşalın bütün türk dünyası qarşısında, o cümlədən, Azərbaycan xalqının tarixi, dili və mədəniyyəti, azərbaycançılıq ideologiyası və İstiqlal məfkurəsi qarşısında göstərdiyi mühüm xidmətlər də tarixin səhifələrinə silinməz şəkildə həkk olunubdur. Və hesab edirik, bu xidmətlər öz milli mahiyyəti və dəyəri, bəşəri əhəmiyyəti və ictimai-siyasi çəkisinə görə onun İrandakı siyasi fəaliyyətindən qat-qat yüksəkdə duraraq sözügedən mənfi məqamları arxa plana atır.

Zənnimizcə, elə məhz buna görə 1909-cu ildə S. Şapşalın adını kəskin epitetlərlə hallandıran M.Ə. Rəsulzadə 1933-cü ildə ona Varşavadan yazdığı məktubda “çox möhtərəm Sürəyya Bəyəfəndi”, “Zati-aliləri Şapşal” deyərək dərin hörmət və ehtiramla müraciət edirdi, milli İstiqlalı siyasi mühacirətdə yaşatmaq və Prometey hərəkatına daha geniş vüsət vermək üçün türk dünyasının bu Böyük oğlu ilə əməkdaşlıq əlaqələri saxlayırdı...

Vilnüs
(Ardı gələn şənbə sayımızda)


525.az
Avatar
Adınız
Yorum Gönder
Kalan Karakter:
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
HABERLER